Azərbaycanın energetika naziriNatiq Əliyev hesab edir ki, qeyri-OPEC ölkələri oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı qərara etiraz etməyəcək. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Düşünmürəm ki, kartelə üzv olmayan dövlətlər neft hasilatının məhdudlaşdırılması ilə bağlı yekun qərarın qəbuluna etiraz etsinlər. Burada həlli vacib məsələ OPEC üzvləri, xüsusilə də İran, Liviya, Nigeriya və Səudiyyə Ərəbistanı kimi dövlətlər arasında ziddiyyətlərin aradan qaldırılması, ümumi razılığın əldə olunmasıdır", - deyə nazir bildirib.
O qeyd edib ki, Azərbaycan dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur və razılaşmanın əldə olunması üçün öz töhfəsini verməyə hazırdır.
N.Əliyev onu da vurğulayıb ki, Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyi iclas çərçivəsində nəzərdə tutulan ayrı-ayrı görüşlərdə də bir daha bəyan ediləcək.
Nazir oktyabrın 29-da Vyanada keçiriləcək OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli Komitəsinin iclasında iştirak edəcək.
Daha əvvəl o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirmişdi ki, Azərbaycan neftin qiymətinin artırılmasına yönəlmiş istənilən qərarı dəstəkləyir.*
A.Əzizov