İqtisadi və maliyyə sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi VII Azərbaycan-Rusiya regionlararası forumun gündəliyinə daxil olan məsələlərdən biridir. Bu barədə Rusiya prezidenti Vladimir Putinin forumun iştirakçılarına ünvünlanan təbrik məktubunda deyilir.
Bu gün Bakıda VII Azərbaycan-Rusiya regionlararası forumu öz işinə başlayıb.
“Rusiya və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın təməlini uzun əsrlər boyu xalqlarımızı birləşdirən dostluq və mehriban qonşuluq əlaqələri təşkil edir”, - deyə Rusiyanın iqtisadiyyat nazirinin müavini Aleksandr Tsibulskinin oxuduğu məktubun mətnində qeyd olunur.
Rusiya prezidenti forumun konstruktiv dialoq formatında keçiriləcəyinə əminlik ifadə edib.
“Sevindirici haldır ki, forum tariximizin ümumi səhifələrinə əsaslanan inam və qarşılıqlı anlaşma ənənələrini inkişaf etdirir, inteqrasiya proseslərinin və qarşılıqlı faydalı əməkdaşlığın artırılmasına imkan yaradır. İqtisadi və maliyyə sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, elmi, təhsil və mədəniyyət sahələrində kooperasiya əlaqələrinin dərinləşməsi forumun gündəliyinə daxil olan məsələlərdir”, - deyə V.Putinin məktubunda vurğulanır. **
R.Babayev