Azərbaycan həm federal, həm də regional səviyyədə Rusiya ilə styateji əməkdaşlığın genişləndirilməsinə yönəlib. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.
“Azərbaycan Rusiyanın 17 subyekti ilə elmi-texniki və iqtisadi əməkdaşlığa dair saziş imzalayıb. Rusiyanın 4 subyekti ilə Hökumətlərarası Komissiya yaradıb. Yeni regionlarla əlaqələr genişlənir. Forumda ilk dəfə Arxanqelsk vilayətinin rəhbəri iştirak edir. O Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün təməl qoymaq niyyətindədir”, - deyə Ş.Mustafayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Rusiya arasında münasibətlər ticarət, investisiya, sənaye, YEK, nəqliyyat, turizm, mədəniyyət və digər sashələrdə inkişaf edir.
“Ölkələrimiz arasında 170-dən artıq, həmçinin iqtisadi sahədə 50 saziş imzalanıb. Ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir. Azərbaycanın ticarət dövriyyəsində Rusiya 3-cü, idxalda isə 1-ci yeri tutur.İiki ölkə arasında azad ticarət rejimi mövcuddur”, - deyə nazir bəyan edib.
Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. “Son illər Rusiya Azərbaycan iqtisadiyyatına 3 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dolları səviyyəsində birbaşa investisiya yönəldib”, - deyə Ş.Mustafayev vurğulayıb. **
A.Axundov