Bakıda dərman istehsalı üzrə Azərbaycan-Rusiya birgə müəssisəsinin təməli noyabrın 2-də qoyulacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirib.
"Müəssisəyə investisiya qoyuluşları $74 mln. təşkil edəcək. Müəssisənin təməli sabah Pirallahı Sənaye Parkı ərazisində qoyulacaq", - deyə nazir qeyd edib.
Xəbər verildiyi kimi, 2016-cı ilin iyun ayında Rusiyanın “R-Farm” şirkəti, “Vita-A” MMC (Azərbaycan) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) arasında əczaçılıq məhsullarının istehsalının təşkilinə dair niyyət protokolu imzalanıb.
Müəssisənin 2018-ci ilin sonunda istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İstehsal ediləcək məhsulların Gürcüstan, İran, Türkiyə, Almaniya, İsveçrə, Ukrayna və Mərkəzi Asiya bazarlarında satışının təşkili planlaşdırılır. Artıq dünyanın aparıcı əczaçılıq müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkili niyyətini ifadə edib.*
A.Axundov