Azərbaycan tranzit-logistik layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dahlizinin Rusiya ilə birgə reallaşdırılmasını cəlbedici hesab edir. Bu barədə Azətrbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bəyan edib.
“Son iki il ərzində dünyanın neft bazarında müşahidə olunan qeyri-sabitlik iqtisadiyyatlarımızın qeyri-neft sahələrinin şaxələndirilməsinin aktivləşdirilməsi vəzifələrini aktuallaşdırdı. Bununla əlaqədar, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı çərçivəsində miqyaslı tranzit-logistik layihələr daha cəlbedicidir. Bu dəhliz həm şimalda, həm də Baltikada Rusiyanın limanlarını Cənubi Asiya və Hind okeanı ilə birləşdirə bilər”, - deyə səfir VII Azərbaycan-Rusiya regionlararası forumda bildirib.
Onun sözlərinə görə, 8 avqust tarixində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli samiit bu ölkələrin inkişafında yeni səhifə açdı. Həmin inkişaf Avrasiya qitəsinin müxtəlif hissələrində sülh, sabitlik və rifaha xidmət edəcək.
“Düşünürəm ki, həm Azərbaycan, həm də bütövlükdə Rusiya iqtisadiyyatına müsbət təsirlə yanaşı, bu layihənin reallaşdırılması vəziyyətin yaxşılaşması, bu tranzitin həyata keçiriləcəyi Rusiya subyektlərində gəlirlərin səviyyəsinin artmasına imkan yaradacaq”, - deyə P.Bülbüloğlu vurğulayıb.
Səfir hesab edir ki, Rusiyanın subyektləri ilə əməkdaşlığın gələcəkdə dəstəklənməsi və genişləndirilməsi məqsədilə Azərbaycan tərəfi hər bir regionun xüsusiyyətini nəzərə almaqla müvafiq sazişlərin nümunəvi layihəsini məqsəduyğun hesab edir. “Bu hər bir regionla ayrılıqda bu cür sənədin razılşadırılması müddətini kifayət qədər qısaltmağa imkan verərdi”, - deyə o əlavə edib.
Səfir həmçinin əməkdaşlığın yeni perspektivli istiqamətlərin axtarışının zəruriliyini qeyd edib.
“Əminəm ki, Rusiyanın regionları ilə ənənəvi əməkdaşlığı inkişaf etdirərək, səviyyəsini təkmilləşdirərək, forumdan foruma əlaqələrin gələcəkdə intensivlışdirilməsi istiqamətində hərəkət edəcəyik”, - deyə o bildirib. **
R.Babayev