Bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində bir sıra sazişlər imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən xəbər verir.
Xüsusilə Qəbələ rayon İcra Hakimiyyəti ilə Rusiyanın Stavropol vilayətinin Kislovodsk kurort şəhəri administrasiyası arasında əməkdaşlığa və qardaşlaşmaya dair saziş, Nərimanov rayon İcra Hakimiyyəti ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb.
Bundan başqa, “ATEF Group” MMC, “Lotos” PSC və Həştərxan vilayəti arasında vilayətin Nərimanov rayonu bələdiyyə təsisatı ərazisində yaradılmış sənaye-istehsal tipli Xüsusi İqtisadi Zonada sənaye istehsal fəaliyyətinin həyata keçirilməsi haqqında saziş imzalanıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") isə Stavropol diyarının Ticarət-Sənaye Palatası ilə əməkdaşlığa saziş, Dağıstanın Sahibkarlıq və İnvestisiya Agentliyi ilə əməkdaşlıq haqqında memorandum, Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyası ilə memorandum imzalayıb.
Həmçinin Azərbaycan Tibb Universiteti ilə Stavropol Dövlət Tibb Universiteti arasında əməkdaşlığa Çərçivə Sazişi, Quba Turizm İnformasiya Mərkəzi ilə "Dərbənd 2000" Turizm Mərkəzi arasında turizmin inkişafı sahəsində birgə fəaliyyət haqqında saziş imzalanıb.
Forumda bir sıra digər sənədlər də imzalanıb.*
A.Axundov