Braziliyanın “Petrobras” şirkəti və SOCAR birgə layihələrin üçüncü ölkələrdə reallaşdırılma imkanlarını öyrənməlidir. Energetika naziri Natiq Əliyev belə hesab edir.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Əliyev Bakıda Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya ilə görüşüb.
"Azərbaycan Braziliya ilə enerji əməkdaşlığına hazırdır. “Petrobas” və SOCAR əməkdaşlıq perspektivlərini dəyərləndirməli, eləcə də bu işbirliyinin yalnız Azərbaycan və Braziliya ilə məhdudlaşmayaraq, üçüncü bir ölkədə reallaşdırılma imkanlarını öyrənməlidir”, - deyə o bildirib.
Nazir hesab edir ki, neft-qaz kimi ənənəvi enerji mənbələri hələ növbəti 40 ildə də dünya enerji balansında üstünlüyünü qoruyub saxlayacaq.
R.Maya isə bildirib ki, ölkəsi böyük neft-qaz potensialına malikdir. Bu baxımdan, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.*
F.İsazadə