Rusiyanın Tümen vilayətində fəaliyyət göstərən şirkətlər Azərbaycanla neft maşınqayırması sahəsində əməkdaşlığın dərinləşdirilməsinə ümid edir. Bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev deyib.
«Bakıya səfər çərçivəsində SOCAR-la aparılan danışıqların əsas mövzusu Tümen vilayətində yerləşən maşınqayırma kompleksinin qarşılıqlı əlaqəsi ilə bağlıdır», - deyə o, bu gün Caspian European Club-un təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə bildirib.
Qubernatorun sözlərinə görə, vilayətin neft maşınqayırması müəssisələri Rusiyanın bütün neft şirkətləri ilə fəal şəkildə əməkdaşlıq edir. «Bizim məhsullarımız Azərbaycan bazarında da məşhurdur və biz bu mövqeni bir qədər dərinləşdirmək və genişləndirmək istərdik», - deyə o qeyd edib.
V.Yakuşev əlavə edib ki, bu məsələlər SOCAR rəhbərliyi ilə görüşdə müzakirə olunub. «Tümen vilayətinin tədarük etdiyi məhsulların çox yaxşı olduğu bildirilib. Neft şirkətləri üçün tədarük olunan avadanlıqlar olduqca keyfiyyətlidir, buna görə də bizim vəzifəmiz Azərbaycan bazarında iştirakı genişləndirməkdir», - deyə o vurğulayıb.
Qubernator deyib ki, Tümen müəssisələri karbohidrogen xammalının hasilatı üçün avadanlıqlar istehsal edir. «Bunlar bağlayıcı armatur, dalma kabeli, neft hasilatında istifadə olunan nasoslar və s.-dir», - deyə V.Yakuşev vurğulayıb.*
A.Axundov