Milli Məclis tütün və tütün məmulatlarının reklamına qadağanı təsdiq etmək niyyətindədir.
Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Reklam haqqında” qanunun müddəalarına uyğunlaşdırmaq üçün "Tütün və tütün məmulatı haqqında" qanuna təklif olunan dəyişikliklər müzakirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
«Qanuna tütün və tütün məmulatlarının qadağan edilməsini nəzərdə tutan dəyişikliklərin edilməsinə dair təkliflər Milli Məclisə prezident İlham Əliyev tərəfindən göndərilib», - deyə komitə sədri Eldar İbrahimov bildirib.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər vətəndaşların sağlam həyat tərzinin təmin olunması və tütün məmulatlarının insanların əhvalına mənfi təsirinin qarşısının alınması məqsədi daşıyır.
"Tütün və tütün məmulatı haqqında" qanuna tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsinin qadağan olunmasını nəzərdə tutan 20.1.5-ci maddənin daxil edilməsi təklif olunur.
Qanunun 20.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütün və tütn məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan olunur.
Həmçinin təklif edilən digər dəyişikliyə əsasən, tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.
E.İbrahimov təəssüflə bildirib ki, daha əvvəl ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı məhdudiyyətlərin qoyulmasına baxmayaraq, bu qadağa hər yerdə pozulur.
«İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. Bundan başqa, təyyarədə siqaret çəkilməsinə görə cərimə 100 manat, qatarda – 40 manat, metroda – 50 manat, ictimai nəqliyyatda isə 40-50 manat məbləğində nəzərdə tutulub. Ancaq qanun qəbul olunsa da, icra edilmir», - deyə komitə sədri əlavə edib.
O vurğulayıb ki, tütün və tütün məmulatlarının reklamına qadağanın tətbiq olunması Azərbaycanda tütünçülüyün inkişafına qarşı yönəlməyib. «Bu dəyişiklikləri tütünçülüyün inkişafına yönəlmiş sanksiyalar kimi qəbul etmək olmaz. Biz tütün istehsal edərək xaricə satmalıyıq. Dövlətimiz bundan gəlir əldə edə bilər», - deyə E.İbrahimov vurğulayıb.
Müzakirələrin yekunları üzrə dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.*
R.Babayev