Azərbaycanda yaşıllıqların mühafizəsi və artırılması sahəsinjdə çalışan şəxlər 800 manat məbləğində mükafat ala biləcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Qaydaya əsasən, ağacların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsinə uyğun təşkil olunan: idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının beş misli miqdarında birdəfəlik mükafat; birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının iki misli miqdarında birdəfəlik mükafat; vətəndaşlara - fəxri diplom və 800 manat məbləğində birdəfəlik mükafat veriləcək.
Şərtlərə görə, yaşıllıqların bioloji inkişaf normalarının (faizlərinin) və mühafizəsinin qiymətləndirilməsi hər ilin sentyabr ayında həyata keçirilir.
Həmişəyaşıl kolların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” qanununun tələblərinə uyğun təşkil olunan:
idarə, müəssisə və təşkilatlara - fəxri diplom və minimum əməkhaqqının üç misli miqdarında birdəfəlik mükafat; birbaşa bu işə cəlb olunmuş işçilərə - aylıq vəzifə maaşının bir misli miqdarında birdəfəlik mükafat; vətəndaşlara - fəxri diplom və 400 (dörd yüz) manat məbləğində birdəfəlik mükafat veriləcək.
Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə ilə bağlı tələb olunan xərclər dövlət büdcəsindən maliyyələşən qurumlar üzrə ödənişli əsaslarla göstərdikləri xidmətlərdən əldə olunan büdcədənkənar xüsusi vəsaitlər, digər qurumlar üzrə isə qanunvericiliklə qadağan olunmayan fəaliyyətlərindən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
Bu qayda “Yaşıllıqların mühafizəsi haqqında” qanuna əsasən hazırlanıb və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir. **
F.İsazadə