“Mastercard” şirkəti nağdsız hesablaşmaların inkişafı məqsədilə Azərbaycan hökuməti və bankları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bunu şirkətin Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir bu gün Bakıda “Mastercard”ın nümayəndəliyinin açılmasına həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan "Mastercard” üçün mühüm bazardır. Bununla əlaqədar şirkət ölkə hökuməti və bankları ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycanda şirkətin nümayəndəliyinin açılma səbəblərindən biri də budur”, - deyə Y.Bedir qeyd edib.
Onun sözlərinə görə, “Mastercard” həmçinin Azərbaycan hökuməti ilə strateji tərəfdaşlıq çərçivəsində plastik kartlar vasitəsilə ödənişlərin artırılması və nağdsız iqtisadiyyatın inkişafı ilə bağlı danışıqlar aparır.
Regional menecer vurğulayıb ki, Azərbaycanda nağdsız ödənişlər sahəsində elektron hesablaşmaların infrastrukturunu inkişaf etdirmək, innovasiya texnologiyalarının tətbiq və əhatə sahəsini genişləndirmək, elektron ödənişlər xidmətinin institusional bazasını gücləndirmək və əhali və iqtisadi subyektləri bu xidmətlərdən istifadəyə cəlb etmək önəmlidir.
"Apardığımız araşdırmalar göstərdi ki, növbəti 3 il ərzində nağdsız ödənişlər nağd ödənişlərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaldacaq ki, bu da ÜDM-nin təxminən 3%-ni təşkil edə bilər", - deyə Y.Bedir qeyd edib.*
N.Abbasova