Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 6-8 noyabr tarixlərində Parisdə keçiriləcək iclasında Türkiyədəki 15 iyul hadisələri ilə əlaqədar AŞPA-da yaradılmış Alt Komitənin tərkibi formalaşdırılacaq.
"Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın tədbirlərində iştirak etmək üçün Fransaya səfər edəcək”, - deyə parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunur.
Tədbirdə Türkiyədəki 15 iyul hadisələri ilə əlaqədar AŞPA-da yaradılmış Alt Komitənin üzvləri seçiləcək və onların Türkiyəyə səfərinə hazırlıq məsələləri müzakirə ediləcək.
İclasda Hələbdəki vəziyyət, İŞİD-in maliyyələşməsi kimi aktual məsələlər gündəmdə olacaq.
Bundan başqa, Xarici əlaqələr üzrə Alt Komitənin üzvlərinin dekabrda Nyu-Yorka səfəri və BMT-də keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparılacaq.
"Monitorinq Komitəsinin iclasında isə AŞPA-nın üzv dövlətləri arasında münaqişələrə dair məruzə dinləniləcək, post-monitorinq dövründə Türkiyə ilə dialoqa, fakt-araşdırıcı missiyanın Kiyev səfərinin nəticələrinə, Gürcüstan, Monteneqro və Bolqarıstanda seçkilərə dair məsələlər nəzərdən keçiriləcək. Deputat S.Hacıyev müzakirələrdə yaxından iştirak edəcək”, - deyə məlumatda bildirilir.*
R.Babayev