Fransa Azərbaycandan investisiyaların cəlb olunmasında maraqlıdır. Bu barədə Fransanın Bakıdakı səfiri Aureliya Buşes bəyan edib.
“Biz azərbaycanlı investorların cəlb olunmasında maraqlıyıq. Bunun üçün şirkətlər və dövlət səviyyəsində yaxşı imkanlar var”, - deyə A.Buşes bu gün “Fransada investisiyalar ayı”na həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu təcrübədən faydalana bilər. “Bu hər iki tərəf üçün faydalı ola biloər. Ümid edirik ki, Fransa şirkətləri də bundan yararlana biləcək”, - deyə A.Buşes bəyan edib.
Diplomat bildirib ki,Fransa şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər. “Fransa iqtisadiyyatına sərmayə yatıran Azərbaycan investorları Avropa bazarlarına çıxış əldə edirlər, bu isə 500 mln. istehlakçıdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Fransa xarici investisiyalar üzrə Avropada liderlərdən biridir və ölkə cəlbedici olmaq üçün daha artıq səy göstərir. 2015-ci ildə Fransada 962 investisiya qərarı qəbulo edilib, nəticədə 33,682 min iş yeri açılıb və ya saxlanılıb. Orta hesabla, hər həftə 19 investisiya qərarı qəbul olunur. 2014-cü illə müqayisədə 27% artım müşahidə edilir. **
F.İsazadə