Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İspaniyada dinlərarası dialoqa həsr olunmuş konfranslarda Azərbaycanda multikulturalizm və tolerantlıq mövzusunda məzruzə ilə çıxış edəcək. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
“İspaniyaya səfər çərçivəsində A.Paşazadə Madrid və Mursiyada 8-10 noyabr tarixlərində keçiriləcək "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda konfranslarda iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə bərabər, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, ənənəvi dini konfessiya başçıları - RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Multikulturalizm ili çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur.
İspaniya Krallığına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya Parlamentinin rəhbərliyi, Ədliyyə naziri, Təhsil, Mədəniyyət və İdman naziri, habelə digər tanınmış ictimai-siyasi xadimlərlə görüşləri də nəzərdə tutulur.*
R.Babayev