Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya höküməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilən və baş podratçısı Azərbaycanın “AzVirt MMC” şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək”, - deyə məlumatda deyilir.
Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
2012-ci ilin aprel ayında Azərbaycan prezidenti İlham Əliyev Serbiya və Makedoniya arasında arasında “11-ci Dəhliz” magistralının Liq-Prelina hissənin tikintisi üçün Serbiyaya 300 mln. avro həcmində kreditin ayrılması haqqında sazişi təsdiq edib.
300 mln. avro məbləğındə kredit dövlət zəmanəti ilə, ilk 3 ili güzəşt dövrü olmaqla 15 il müddətinə, illik 4%-lə veriləcək.
Avtomobil yolu hazır olandan sonra Prelinadan Liqə yarım saatdan da az vaxtda çatmaq olacaq. Layihə həmçinin, 60 körpünün, beş tunelin tikintisini və Serbiyanın infrastruktruna əhəmiyyətli investisiya qoyuluşunu nəzərdə tutur. **
A.Əzizov