Oktyabrın 1-nə olan vəziyyətə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 22,8% - 16 mlrd. 785,1 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il oktyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 597,3 mln. manat (artım 5,9%) və ya bütün kreditlərin 9,5%-ni təşkil edir.
Oktyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 509,5 mln. manat (azalma 24,4%) və ya bütün kreditlərin 32,8%-i, özəl banklar tərəfindən 10 mlrd. 764,5 mln. manat (azalma 22,4%) və ya bütün kreditlərin 64,1%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Sentyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 848,1 mln. manat (azalma 19,5%) milli valyuta, 7 mlrd. 937 mln. manat (azalma 26%) xarici valyuta ilə verilib. 9 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 47,3% təşkil edir.
Cari ilin oktyabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 555,5 mln. manat (bütün kreditlərin 15,2%-i) ticarət və xidmət sahəsinin, 372 mln. manat (2,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 409,7 mln. manat (2,4%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 954,8 mln. manat (11,6%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 333,2 mln. manat (7,9%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 163,1 mln. manat (6,9%) nəqliyyat və rabitə sahəsinin, 6 mlrd. 192,5 mln. manat (36,9%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-sentyabr aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 26,1% azalıb.*
A.Axundov