Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Monakonun İqtisadi Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi xəbərə görə, memorandum bu gün Bakıda keçirilən Azərbaycan-Monako biznes forumu çərçivəsində imzalanıb.
Bundan başqa, Monakonun İqtisadi Palatası Azərbaycanın Ticarət və Sənaye Palatası ilə də analoji sənəd imzalayıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” şirkəti və Monakonun Bərpa Olunan Enerji və Ekologiya üzrə Palatası arasında da niyyət protokolu imzalanıb.
Biznes forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, ölkələrimiz arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, ticarət-iqtisadi əlaqələr barəsində bunu demək olmaz.
Onun sözlərinə görə, 2015-ci ildə iki ölkə arasında mal dövriyyəsi heç $50 min də təşkil etməyib ki, bu da əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu göstərir.
Nazir müavini turizm, bank işi, sığorta, investisiya və digər sahələrin əməkdaşlıq üçün perspektiv olduğunu diqqətə çatdırıb.
Biznes forumda Monakodan 50 iş adamı iştirak edir.*
A.Axundov