GUAM və Vışeqrad ölkələri birgə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi üzərində işləyirlər. Bunu GUAM-ın baş katibi Altay Əfəndiyev deyib.
«Mən Vışeqrad qrupuna daxil olan bütün ölkələrin səfirləri ilə məsləhətləşmələr aparmışam. Qərara gəlmişik ki, əməkdaşlığın əsas istiqamətləri və sahələri üzrə konkret sazişlərin əldə olunması məqsədilə siyasi direktorlar və ekspertlər arasında görüşün keçirilməsinə hazırlıq işləri başlansın. Məqsəd əməkdaşlığın əsas istiqamətlərinin və prioritet sahələrinin razılaşdırılmasıdır. GUAM ölkələri Vışeqrad qrupu ölkələrinin islahatlar və iqtisadiyyatın şaxələndirilməsi, turizm, energetika, nəqliyyat, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq sahəsində qazandığı təcrübədən istifadə edə bilər», - deyə A.Əfəndiyev bu gün Bakıda keçirilən "GUAM və Vişeqrad qrupu: regional əməkdaşlıq imkanları və məhdudiyyətlər" adlı dəyirmi masada çıxışında vurğulayıb.
Onun sözlərinə görə, nəqliyyat və turizm GUAM və Vışeqrad ölkələri arasında əməkdaşlığın əsas istiqamətləridir.
«Bu gün biz GUAM katibliyi olaraq Vışeqrad qrupu ölkələrinin bu və ya digər sahələr üzrə əməkdaşlığın zəruriliyi istəklərini bildirməsi mərhələsindəyik», - deyə baş katib qeyd edib.
O, GUAM və Vışeqrad qrupu arasında siyasi əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxarılması məqsədilə 2017-ci ildə bu əməkdaşlığın əsaslarının razılaşdırılacağına ümidvar olduğunu deyib.
Vışeqrad qrupuna Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir.*
R.Babayev