Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı ilə strateji əməkdaşlıq haqqında sazişin imzalanması məsələsi ilə bağlı müzakirələrin tezliklə başlayacağına əminliyi ifadə edib.
"İnanırıq ki, Avropa İttifaqı bu ay müvafiq mandat təsdiq edəcək və biz strateji əməkdaşlıqla bağlı məsələnin müzakirəsinə başlayacağıq", - deyə o, noyabrın 7-də Bakıda italiyalı həmkarı Paolo Centiloni ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər həmçinin parlamentlərarası əməkdaşlığın genişləndirilməsi zəruriliyini də qeyd ediblər.
P.Centiloni Azərbaycan və İtaliya arasında energetika sahəsində əməkdaşlıq məsələsinə də toxunub. Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması Azərbaycan qazının İtaliya ilə yanaşı, digər Avropa ölkələrinə də nəqlini təmin edəcək.
İtaliya XİN başçısı əlavə edib ki, Roma Bakı ilə təkcə energetika sahəsində deyil, həm də ASK, toxuculuq sənayesi və digər sektorlarda əməkdaşlıq edə bilər.
O, həmçinin vurğulayıb ki, İtaliya Azərbaycan-Aİ əməkdaşlığının inkişafına töhfə verə bilər.*
F.İsazadə