Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün təşkili üçün zəminin olmadığını qeyd edir.
"Təəssüf ki, münaqişənin nizamlanmasında passivlik müşahidə olunur. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər. Buna görə prezidentlərin görüşü üçün heç bir zəmin yoxdur", - deyə XİN başçısı noyabrın 7-də Bakıda italiyalı həmkarı Paolo Gentiloni ilə birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, dekabrın əvvəlində Azərbaycan və Ermənistan XİN başçılarının Hamburqda görüşü planlaşdırılır. “Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.Biz Sankt-Peterburq görüşündəki atmosferi bərpa etmək istəyərdik, amma Ermənistan rəhbərliyi prosesi ləngidir", - dseyə E.Məmmədyarov vurğulayıb.
P.Gentiloni isə deyib ki, İtaiya ATƏT-də sədrliyi dövründə vəBMT TŞ-də qeyri-daimi üzv olarkən keçmiş SSRİ-də dondurulmuş münaqişələrlə məşğul olacaq. «Biz dondurulmuş münaqişələrlə (Ukrayna, Gürcüstan, Azərbaycan) məşğul olacağıq. İtaliya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə verə bilər», - deyə o əlavə edib.*
F.İsazadə