2016-cı ilin yanvar-sentyabr aylarında bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli ilin əvvəlinə olan göstərici ilə müqayisədə 21,6% - 14 mlrd. 253 mln. 645,4 min manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Məlumata əsasən, 1 oktyabr tarixinə Bakıda borcalanlara verilən kreditlərin həcmi respublika üzrə bankların bütün kredit qoyuluşlarının 84,9%-ni təşkil edir. Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 9,8%, respublika üzrə isə 11,3% dərəcəsi ilə verilir.
2016-cı il oktyabrın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 137 mln. 293,6 min manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 7 mlrd. 116 mln. 351,7 min manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 10,7%-ə, xarici valyuta ilə 8,8%-ə bərabərdir.
1 oktyabr tarixinə regionlarda banklar tərəfindən müştərilərin kreditləşmə həcmi 2 mlrd. 531 mln. 411,4 min manat (azalma 28,5%) təşkil edib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 621 mln. 222,6 min manat (orta faiz dərəcəsi illik 22,5%), Abşeron iqtisadi rayonunda 518 mln. 75,6 min manat (16,5%), Gəncə-Qazax iqtisadi rayonunda 538 mln. 28,5 min manat (19,4%), Lənkəran iqtisadi rayonunda 230 mln. 991,1 min manat (21,9%) həcmində kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.**
A.Axundov