2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasında qarşılaşma 2017-ci ilin martında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
«Daha əvvəl oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulurdu. Lakin həmin stadionda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri aparılacaq. Bu səbəbdən Almaniya ilə oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək», - deyə nazir brifinqdə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində ev oyunları üçün Bakı Olimpiya Stadionu qeydiyyatdan keçib.
“Almaniya ilə oyunun keçirilməsi üçün Tofiq Bəhramov adına Respublika Stadionunun qeydiyyatdan keçməsi məsələsi ilə bağlı müəyyən problemlər yarana bilər. Amma ümid edirik ki, bu məsələ müsbət həll olunacaq”, - deyə A.Rəhimov vurğulayıb.
Azərbaycan-Almaniya görüşü 2017-ci il martın 26-da baş tutacaq.*
R.Babayev