2016-cı ilin sonuna kimi 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançıların sayı və ölkə yığmalarının tərkibi müəyyən olunacaq. Bu barədə gənclər və idman naziri, Oyunların icraçı direktoru Azad Rəhimov bəyan edib.
“Dekabrın 31-dək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançıların dəqiq sayı və ölkə yığmalarının tərkibi müəyyən olunacaq”, - deyə A.Rəhimov bu gün IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, indiyədək 49 islam dövlətinin milli olimpiya komitələri Oyunlarda iştiraklarını təsdiq ediblər.
“Əsas məsələlərdən biri Oyunlarda iştirak edəcək idmançıların sayını və yığmaların tərkibini müəyyən etməkdir. Biz turnirə hazırlıq üzərində ciddi iş aparırıq. Oyunlarda 3-3,5 min atlet iştirak edəcək”, - deyə A.Rəhimov vurğulayıb.
O bildirib ki, Oyunlar zamanı 20 idman növü üzrə yarışlar 16 idman qurğularında keçiriləcək.
“O cümlədən, iki paralimpiya, həminin qeyri-olimpiya - uşu və zorxana növləri üzrə yarışlar keçiriləcək”, - deyə o qeyd edib.
Azərbaycan idmançıları bütün növlərdə yarışacaqlar. “Oyunların sahibi qismində biz idmanın bütün növlərində iştirak etmək hüququna malikik. Azərbaycan idmanı futbol, həndbol, basketbol, voleybol kimi oyun növlərində də təmsil olunacaq”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Oyunların keçirildiyi dövrdə 17 min turist qəbul etmək iqtidarındadır.
“Paytaxtın mehmanxanaları 15 min turist qəbul edə bilər. Turistlərin bəzilərinin tanışlarının evində qalacaqlarlını nəzərə alaraq, düşünürəm ki, onların sayı 17 min nəfərədək təşkil edəcək”, - deyə A.Rəhimov bəyan edib.
Oyunlara biletlərin satışına gələn ilin mart-aprel aylarında başlanacaq.
“Biletlərin qiyməti I Avropa Oyunlarının biletlərindən baha olmayacaq”, - deyə A.Rəhimov bildirib.
Oyunların açılış və bağlanış mərasimləri çox rəngarəng olacaq. “Ssenari barədə hələlik danışma istəməzdik. Lakin hər şey çox rəngarəng olacaq. Açılış mərasimində islam dünyasının tarixi rəngarəngliyi öz əksini tapacaq, biz bütün dünya ilə bunu həvəslə bölüşəcəyik”, - deyə A.Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, Oyunlar islam dövlətlərinin səmimi həmrəyliyini nümayiş edəcək.
“Biz istərdik ki, IV İslam Həmrəyliyi Oyunları sülh Oyunlarına çevrilsin. Oyunların keçirildiyi zaman bütün müharibə və münaqişələr dayansın. Bu Oyunlar hər kəsə Azərbaycanın və islam dünyasının həmrəyliyini nümayiş etdirməlidir”, - deyə nazir bəyan edib.
12-22 may 2017-ci tarixində Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. **
R.Babayev