“Azərqarant” sığorta şirkətinin səhmdarları şirkətin bağlanmasına dair qərar qəbul ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
"Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına artıq məlumat verilib", - deyə məlumatda qeyd olunur.
Buna əsas səbəb sığorta şirkətinin kapital çatışmazlığı ilə üzləşməsi olub.
"Sığorta şirkətində ləğvedici komissiya yaradılıb. Kreditorlar iki ay ərzində tələblərini komissiyaya təqdim edə bilərlər", - deyə məlumatda bildirilir.
2015-ci ilin dekabr ayından başlayaraq Azərbaycanda 4 sığorta şirkətinin – “Qarant Sığorta”, “Buta Sığorta”, Beynəlxalq Sığorta Şirkəti və “Azərqarant”ın bağlanmasına qərar verilib.
Hazırda 25 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.
“Azərqarant” ASC 1998-ci ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkətin səhmdarları bir neçə fiziki şəxsdir. Nizamnamə kapitalı 5 mln. 610 min manata bərabərdir.
2016-cı ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqları 238 min manat, ödənişləri təxminən 1 min manat təşkil edib.*
A.Əzizov