Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı ilə Vaşinqton arasında əməkdaşlığı effektiv hesab edir.
“Energetika, nəqliyyat-kommunikasiya, təhlükəsizliyin təminatı sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlığı uğurlu adlandırmaq olar. Biz qlobal sülhün təmin olunması prosesində ABŞ-la çiyin-çiyinə iştirak edirik, Azərbaycan və Amerika hərbçiləri planetin müxtəlif nöqtələrində sülhməramlı proseslərdə iştirak edirlər”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Prezident köməkçisinin sözlərinə görə, Bakı ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə hörmətlə yanaşır. «Dünən Amerika xalqı öz seçimini edərək Donald Trampı ABŞ-ın 45-ci prezidenti seçdi. Dünya birliyinin bütün üzvləri kimi, Azərbaycan da bu seçimə hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir», - deyə Ə.Həsənov vurğulayıb.
O, Azərbaycan-Amerika əməkdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu deyib. «Ümid edirik ki, Azərbaycan-Amerika münasibətləri bundan sonra da bütün istiqamətlər üzrə inkişaf edəcək», - deyə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.*
R.Babayev