Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-dan məlumat verilib.
“Razılığa əsasən, alim və mütəxəssislər Azərbaycan ərazisindəki filiz yataqlarının geoloji-geofiziki tədqiqini birgə aparacaqlar”, - deyə məlumatda deyilir.
Bundan başqa, sənəddə elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsi, layihə və inkişaf proqramlarının həyata keçirilməsi və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılması nəzərdə tutulur.
“Bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcəklər. Bu mənada “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-teniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda əksini tapıb”, - deyə AMEA-dan məlumat verilib.
Həmçinin “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulur. **
N.Abbasova