2016-cı ilin yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 37 mln. 154,5 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 5,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla belə, dəhliz çərçivəsində yüklərin 10 mln. 214,2 min tonu və ya 27,5%-i dəmir yolu nəqliyyatı, 23 mln. 496,1 min tonu və ya 63,2%-i avtomobil nəqliyyatı, 3 mln. 444,2 min tonu və ya 9,3%-i dəniz nəqliyyatının payına düşüb.
“2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2016-ci ilin müvafiq dövründə TRACECA dəhlizi ilə yük daşımalarının azalması dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə daşınmış yüklərin həcmində müvafiq olaraq 12,7% və 27,1% azalma ilə əlaqədardır. Hesabat dövründə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb”, - deyə məlumatda qeyd olunur.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 5 mln. 518,4 min ton və ya 14,9% tranzit yüklərin payına düşüb.
2016-cı ilin yanvar-sentyabr aylarında dəhliz vasitəsilə 253,3 mln. sərnişin daşınıb (artım 2,4%).
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova