Azərbaycan və Rusiyanın gömrük orqanları bu gün sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidindəyaranan problemin həlli ilə bağlı razılığa gəliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
«Görüşdə Azərbaycanın nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin nəqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb», - deyə məlumatda bildirilir.
Rusiyanın gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.
Azərbaycan KİV-nin məlumatına görə, sərhəd-keçid məntəqəsində yaranan sıxlıqla əlaqədar təxminən 250 nəqliyyat vasitəsi artıq iki gündür Azərbaycan-Rusiya sərhədini keçə bilmir.*
F.İsazadə