Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan Ordusu işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilər.
“Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək”, - deyə dövlət başçısı noyabrın 12-də aprel ayında işğaldan azad edilmiş Lələtəpə ərazisində hərbçilərlə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu güclü ordular sırasındadır.
“Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev vurğulayıb ki, aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür.
“Vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”, - deyə prezident əlavə edib.*