Xarici yardım olmadan Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bu sözləri prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayonunda ictimaiyyət nümayəndələri və məcburi köçkünlərlə görüşdə deyib.
“Ordumuza nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Ermənistan isə başqasının yardımına möhtacdır. Başqa mənbələrdən pul, kredit, silah və digər materiallar verilməsə, Ermənistan nə iqtisadi cəhətdən, nə də hərbi cəhətdən ayaqda dura bilməz. Bunu hamı yaxşı bilir. Dünya da bilir”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, ermənilər əllərində, nəzarətlərində olan müxtəlif kütləvi informasiya vasitələri ilə rəy formalaşdırmağa, mif, əfsanə yaratmağa çalışırdılar ki, guya onların yenilməz ordusu Azərbaycana zərbə vurub, torpaqları işğal edib.
“Ancaq həyat göstərir ki, xarici yardım olmadan onlar nəinki işğal edə, heç tutduqları torpaqları saxlaya bilməzlər. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu heç nəyə baxmadan uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızı işğalçılardan azad edibdir. Yəni biz öz hesabımıza yaşayırıq. Heç kimdən asılı deyilik və imkan daxilində öz həyatımızı qururuq”, - deyə prezident İ.Əliyev bəyan edib.*