Bakı Mühəndislik Universiteti (BMİ) 2017-2018-ci tədris ilində tam həcmdə fəaliyyətə başlayacaq. Bu barədə təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
«Bakı Mühəndislik Universitetinin 2017-2018-ci tədris ilində tam həcmdə fəaliyyətə başlamasını təmin etmək Təhsil Nazirliyi qarşısında duran vəzifədir», - deyə nazir bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı fəal müzakirələr aparılır.
«Sözügedən məsələ ilə bağlı qabaqcadan ətraflı məlumat vermək istəməzdim. Söhbət həm də tələbə qəbulu və ali məktəbin işinin təşkilindən gedir. Xüsusilə qeyd etmək istəyirəm ki, Bakı Mühəndislik Universitetinin açılması nəticəsində digər ali məktəblərin bağlanacağı ilə bağlı yayılan şayiələr əsassızdır», - deyə M.Cabbarov vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyev noyabrın 8-də Bakı Mühəndislik Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.*
R.Babayev