Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində müşavirə keçirib. Bu barədə nazirlikdən məlumat verilib.
“Z.Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub. Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib”, - deyə məlumatda deyilir.
Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.
“Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb. Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub. **
F.İsazadə