Prezident İlham Əliyev noyabrın 14-də Su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Komissiyanın yaradılmasında məqsəd Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılmasıdır.
Komissiyanın sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin olunub.
Komissiyanın üzvləri bunlardır: baş nazirin müavini Abid Şərifov, Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri
Şahin Mustafayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə.
Sərəncama əsasən, Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməli, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.*
R.Babayev