Avropa İttifaqı (Aİ) bu gün Azərbaycanla əməkdaşlığa dair yeni saziş üzrə danışıqların başlamasını təsdiq edib. Bu barədə Aİ Şurasının məlumatında deyilir.
«Avropa İttifaqı Şurası Avropa Komissiyası və Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyə Aİ və onun üzv dövləti adından Azərbaycanla hərtərəfli saziş məsələsi üzrə danışıqlar aparmağa mandat verib», - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, yeni saziş 1996-cı il tarixli tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək. “Yeni saziş Aİ və Azərbaycanın bu gün üzləşdiyi çağırışları və ümumi məqsədləri daha yaxşı nəzərə alacaq”, - deyə məlumatda vurğulanır.
Noyabrın 7-də xarici işlər naziri Elmar Məmmədyarov tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında sazişin imzalanması məsələsi ilə bağlı müzakirələrin başlayacağına əminlik ifadə etmişdi: “İnanırıq ki, Aİ bu ay müvafiq mandatı təsdiq edəcək və biz strateji əməkdaşlıqla bağlı məsələnin müzakirəsinə başlayacağıq”.*
F.İsazadə