Rəsmi Bakı Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Mogeriniyə mandat verilməsini alqışlayır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik”, - deyə H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
XİN nümayəndəsi əmindir ki, yeni sazişin imzalanması Aİ ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına töhfə verəcək.
"Hesab edirik ki, yeni sazişin imzalanması Aİ lə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək", - deyə H. Hacıyev bildirib.
O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 2 may 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarıYohannse Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Aİ arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib. **
F.İsazadə