Milli Məclisin sədri Oqtay Əsədov Belçika ilə müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edir. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
«Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və eləcə də bir çox digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var», - deyə O.Əsədov Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Bert Şufsla görüşdə bildirib.
O qeyd edib ki, Azərbaycan Belçika ilə əlaqələrin inkişafına böyük önəm verir.
«Bu gün iki ölkə arasındakı münasibətlər uğurla inkişaf edir. Bu günədək iki ölkə arasında 7 hüquqi sənəd imzalanıb, daha 5 sənəd isə baxılmaqdadır», - deyə O.Əsədov vurğulayıb.
Parlament sədrinin sözlərinə görə, hazırda Azərbaycanda Belçikadan 19 şirkət fəaliyyət göstərir. “İqtisadi sahədə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var”, - deyə o bildirib.
Səfir B.Şufs Avropada Azərbaycanın əhəmiyyətini və bölgədə oynadığı rolu yüksək qiymətləndirib.*
R.Babayev