Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
«Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub», - deyə məlumatda bildirilir.
Qeyd edək ki, irimiqyaslı təlimlər noyabr ayının 12-də başlayıb və ayın 18-dək davam edəcək.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Təlimlər səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə keçirilir.*
F.İsazadə