Əmlak Məsələləri Dövlət Komitəsi çərşənbə axşamı keçirilən hərracda 1,2 mln. manatdan artıq məbləğdə dövlət əmlakı satıb. Bu barədə Komitədən məlumat verilib.
“15 noyabr tarixində səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisə və obyektlərin, eləcə də nəqliyyat vasitələrinin satışı üzrə növbıti açıq hərrac keçirilib. Hərracda ümumilikdə 18 dövlət əmlakı satılıb. Bu hərrac nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,2 mln. manatdan artıq vəsait köçürüləcək”, - deyə məlumatda deyilir.
Xüsusilə, özəlləşdirilmiş əmlaklardan 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si kiçik dövlət müəssisəsi, 3-ü səhmdar cəmiyyəti, 1-i isə nəqliyyat vasitəsi olub.
“Hərracda satılmış istifadəsiz qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Hərracda Bakı şəhəri Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb. Paytaxtın Nərimanov rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 12 min manata təklif olunduğu halda, 12 min 500 manata özəlləşdirilib”, - deyə məlumatda deyilir.
Məlumata əsasən, növbəti hərrac 22 noyabrda keçiriləcək və bu hərracda 78 dövlət əmlakı satışa çıxarılacaq. **
N.Abbasova