2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 mlrd. 889,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-oktyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 9 mlrd. 593,3 mln. manat (bütün investisiyaların 80,7%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 807,8 mln. manat (bütün investisiyaların 15,2%-i) xidmət obyektlərinin, 488,1 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 4,1%-i) yönəldilib.
Hesabat dövrü ərzində 7 mlrd. 22,9 mln. manat (bütün investisiyaların 59,1%-i) xarici investisiyaların, 4 mlrd. 866,3 mln. manat (bütün investisiyaların 40,9%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-oktyabr aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 3 mlrd. 887,7 mln. manat (bütün investisiyaların 32,7%-i), özəl investisiyaların həcmi 8 mlrd. 1,5 mln. manat (bütün investisiyaların 67,3%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 8 mlrd. 607,7 mln. manat və ya bütün kapital qoyuluşlarının 72,4%-ni təşkil edib.
Bu dövrə neft sektoruna kapital qoyuluşları 7 mlrd. 191,9 mln. manat (bütün investisiyaların 60,5%-i), qeyri-neft sektoruna - 4 mlrd. 697,3 mln. manat (bütün investisiyaların 39,5%-i) təşkil edib. **
N.Abbasova