İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu vurğulayıb.
«Bir sıra Almaniya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi yolverilməzdir», - deyə o, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşdə bildirib.
Səfir M.Kindsqrab isə Azərbaycanın işğal olunmuş ərazilərində Almaniya şirkətlərinin fəaliyyət göstərməsi məsələsinin Almaniya hökumətinin diqqətinə çatdıracağını bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ş.Mustafayev Bakının Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırıb.
Məlumatda vurğulanır ki, 24-25 noyabr tarixlərində Bakıda Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək səviyyəli İşçi Qrupunun 6-cı iclası keçiriləcək.*
F.İsazadə