2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin sayı 0,8% və ya 79 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Oktyabrın 1-nə respublika əhalisinin sayı 9 mln. 784,6 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfərdir.
Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür.
Yanvar-sentyabr aylarında ölkədə doğulmuş 119,7 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 2,09 mini əkiz, 54-ü üçəm doğulub.
Qeyd olunan dövrdə 42 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,8 təşkil edib.
İlin 9 ayı ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
Yanvar-sentyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2678 nəfər gələn və 1397 nəfər ölkədən gedən qeydə alınıb.**
R.Babayev