Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Plana müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıblar”, - deyə məlumatda bildirilir.
Təlimlərin xarakterik xüsusiyyətləri məlumatların operativ qəbulu, işlənilməsi, quruda, dənizdə, havada müşahidənin aparılmasına imkan verən elektron, hesablama, vizual və digər müasir texnikadan istifadə edilməklə dinamik dəyişən şəraitdə yeni tapşırıqların operativ çatdırılmasından ibarətdir.
Məlumata görə, müasir ümumqoşun döyüşünün prinsiplərinə riayət edərək ərazinin mürəkkəb şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyətini nəzərə alaraq qoşunların, eləcə də idarəetmə sistemlərinin daha sıx qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilir.
Müxtəlif poliqonlarda, ərazilərdə, təlim sahələrində, avadanlıqla təchiz edilmiş digər nöqtələrdə döyüş atışları, bölmələrin və atəşin manevrləri yerinə yetirilir.
Qeyd edək ki, irimiqyaslı təlimlər noyabr ayının 12-də başlayıb və ayın 18-dək davam edəcək.
Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.
Təlimlər səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə keçirilir.*
F.İsazadə