2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları 2015-ci ilin analoji dövrü ilə müqayisədə 14,2% - 7 mlrd. 952,1 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 66,9%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövrü ərzində mədən sənayesinə investisiya qoyuluşları 7 mlrd. 141,9 mln. manat (azalma 12,8%) təşkil edib.
Emal sənayesinə 197,6 mln. manat (azalma 54,38%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 224,3 mln. manat (artım 33,9%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 388,3 mln. manat (azalma 14,3%) investisiya qoyulub.
Bundan başqa, 2016-cı ilin yanvar-oktyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 mlrd. 81,5 mln. manat (azalma 42,3%), rabitə və informasiya sahəsinə 105,6 mln. manat (azalma 54,9%), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 179,2 mln. manat (azalma 63,4%), təhsil sahəsinə 112,5 mln. manat (azalma 54%) investisiya qoyuluşu həyata keçirilib.
Hesabat dövründə yaşayış evlərinin tikintisi sahəsinə 488,1 mln. manat (azalma 43,4%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb. **
A.Axundov