2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $237 mln. 700,2 min təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 9,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib
2016-cı ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $14 mlrd. 153 mln. 697,82 min (azalma 23,22%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $7 mlrd. 195 mln. 699,01 min, idxalın həcmi $6 mlrd. 957 mln. 998,81 min təşkil edib. 2015-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 34,48%, idxalın həcmi isə 6,64% azalıb.
İxracın strukturunda 71,56% neftin, 4,34% neft məhsullarının, 10,35% təbii qazın, 0,27% elektrik enerjisinin, 3,76% meyvə-tərəvəz məhsullarının, 0,07% çayın, 0,17% bitki və heyvan mənşəli yağların, 0,75% qəndin, 0,21% spirtli və spirtsiz məhsulların, 0,7% kimya məhsullarının, 1,08% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,22% pamblq ipliyin, 1,07% qara metal və ondan hazırlanan məmulatların, 1,1% alüminium və ondan hazırlanan məmulatların, 4,35% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 15,41% ərzaq məhsullarının, 1,9% tütün və tütün məhsullarının, 0,24% sementin, 2,31% əczaçılıq məhsullarının, 3,28% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,24% odun və oduncaqdan hazırlanan məhsulların, 13,76% qara metal və ondan hazırlanan məmulatların, 23,53% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 9% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,3% mebelin, 27,03% digər məhsulların payına düşüb.
Cari ilin yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 4,996 min özəl və dövlət müəssisəsi və 7,356 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 174 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 18,15%-i), Türkiyə (12,12%), Tayvan (8,57%), Almaniya (7,13%) və İsrail (6,36%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,75%), Türkiyə (13,72%), Çin (8,08%), Böyük Britaniya (6,18%) və ABŞ (5,77%) ilə həyata keçirib.**
N.Abbasova