Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əlyev D.Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.
“Prezident İ.Əliyev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib”, - deyə məlumatda vurğulanır.
ABŞ-ın yeni seçilmiş prezidenti D.Tramp göstərilən diqqətə və təbrikə görə İ.Əliyevə minnətdarlığını bildirib.
D.Tramp qeyd edib ki, İ.Əliyev haqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar arzulayıb. **
R.Babayev