Xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar. Bu barədə nazirlikdən məlumat verilib.
“Nazirlər münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqlı və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq ediblər. E.Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində “3+2” formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib”, - deyə məlumatda deyilir.
Tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin indiki durumu və perspektivlərini müzakirə ediblər.
“Nazirlər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə nəzər salaraq, bu günlərdə Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş layihəsi üzrə danışıqların başlanılması üçün Avropa Komissiyasına müvafiq mandatın verilməsi faktını alqışlayıb, bu qərarın ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin məqsədyönlü və qarşılıqlı maraq əsasında inkişafına yeni təkan verəcəyinə əmin olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Həmçinin E.Məmmədyarov Fransanın ATƏT-in Minsk qrupundakı yeni həmsədri səfir Stefan Viskonti ilə də görüşüb. **
A.Əzizov