1 noyabr 2016-cı il tarixinə Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 191,15 manata ($111,8) bərabərdir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
«Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6% artaraq 191,15 manata çatıb», - deyə məlumatda bildirilir.
Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 212,50 manat ($124,3) təşkil edir.
Məlumata görə, yanvar-oktyabr aylarında fondun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,24% artaraq 2631,08 mln. manata yüksəlib.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55% artaraq 1533,69 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,21%-ni və ya 984,86 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% çoxdur.
“Qeyd olunan davamlı artım 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay qrafikdən əvvəl yekunlaşmasına imkan yaradıb”, - deyə fondun məlumatında qeyd olunur.
2016-cı il 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 mln. 312 min nəfərdir.*
N.Abbasova