Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası 2016-cı ilin sonunda keçiriləcək.
“İclasa hazırlıq məsələləri iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin görüşündə müzakirə edilib”, - deyə iqtisadiyyat Nazirliyinin məlumatında bildirilir.
Görüş iştirakçıları qeyd ediblər ki, noyabrın sonunda İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycana gələcək.
Ş.Mustafayevin sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb.
Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, enerji, neft-qaz, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Bununla yanaşı, İran şirkətləri Azərbaycanda yaradılmış sənaye parklarının imkanlarından da yararlana bilərlər.
O, bu ilin sonunadək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin başa çatdırılacağını qeyd edib.*
A.Axundov