“BP-Azerbaijan” şirkəti 2016-cı ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 8 mlrd. kubmetr qaz hasil edib, bu isə 2015-ci ilin analoji dövrünün göstəricisindən 11,1% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
“Həmçinin hesabat dövrü ərzində “Şahdəniz” yatağından 1,9 mln. ton kondensat hasil edilib (artım 14,4%). Yatağda möcvud hasilat sisteminin maksimal gücü sutkalıq 29,5 mln. kubmetr qaz və ya illik 10,8 mlrd. kubmetr qaz təşkil edir”, - deyə şirkətdən qeyd edilib.
Məlumata əsasən, “Şahdəniz” yatağının işlənməsinə başlanandan ümumilikdə 76 mlrd. kubmetr qaz və 19 mln. ton kondensat hasil edilib.
2016-cı ilin yanvar-sentyabr aylarında “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $3,104 mlrd. təşkil edib (azalma 17,1%), bunun $0,334 mlrd.–ı - istismar xərcləri, $2,77 mlrd.-ı - əsaslı xərclər təşkil edib. Bununla belə, əsaslı xərclərin ümumi həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi üzrə işlərə yönəldilib.
2016-cı ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəməri mağıstralı (CQBK və ya Bakı-Tiflis-Ərzurum – İF) sutkada nəql orta hesabla 20 mln. kubmetr qaz təşkil edib. Bu dövrdə CQBK-nin xidmətinə istismar xərclər $21 mln., əsaslı xərcləri - $764 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz, 2,3 mln. ton kondensat hasil edilib. **
N.Abbasova