“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlər 83%-dən artıq yerinə yetirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən (layihənin texniki operatoru – İF-Az) məlumat verilib.
“Mərhələ-2” çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işlərinin 83%-dən çoxu yerinə yetirilib. 2016-cı ilin üçüncü rübün sonuna Azərbaycanda bu işlərin yerinə yetirilməsi üçün 24 mindən artıq şəxs cəlb edilib, onların 80%-dən çoxu ölkə vətəndaşlarıdır”, - deyə şirkət nümayəndəsi qeyd edib.
"İsrafil Hüseynov" boru düzən gəmisi "Şahdəniz"in şimal və qərb cinahlarındakı dörd sualtı axın xəttinin hamısının inşasını başa çatdırıb və hazırda qalan 32 düymlük qaz ixrac xətlərinin inşasını həyata keçirir. Bu işlər 2017-ci ilin birinci rübünədək davam edəcək.
Bundan başqa, şirkətdən qeyd ediblər ki, Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər davam etdirilir.
“Azərbaycanda 196 km uzunluğunda borular artıq qaynaq edilib, 177 km boru örtüklənib və 168 km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir”, - deyə məlumatda deyilir.
Şirkətin məlumatına görə, Gürcüstanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 59 kilometrə yaxın boru qaynaq edilib və örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib.
Gürcüstanda I kompressor stansiyasında işlər 80% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. II kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması planlaşdırılır. **
N.Abbasova